"Ailə bir evdir. Həmin evin adı Xoşbəxtlikdir. Evin sütunları isə ailənin üzvləridir. Həmin üzvlərdən biri olmazsa xoşbəxtlik evi də dağılar..."
Pəncərənin o üzündən boylanan günəşin gözlərimə saldığı şualar oyatdı məni bu gün. Yorğun idim. Elə yorğun idim ki, yerimdən tərpənmək belə istəmirdim. Gecəni yata bilməmişdim yenə. "Yenə" deyirəm, çünki artıq yuxusuz gecələrimin 100 günü açıldı. Bəli. Düz 100 gün... Səni əvəz edən sənsizliyin 100-cü günü. Artıq 100 gündür ki, yemək süfrəsi hazırlayan zaman 4 nəfərlik hazırlanır... Artıq 100 gündür ki, 7-ci sinif kitablarının üzü açılmır... 100 gündür ki, yatağın sənsiz qarşılayır gecəni, sənsiz də yola salır... Düz 100 gün... Düz 100 gündür ki, sən yoxsan. Yox! Aman Allah! Mən nə danışıram! Əlbəttə ki, sən varsan. Əlbəttə. Axı mən bütün günü danışıram səninlə. Dərsə gedəndə də, uzananda da, yeyəndə də danışıram. Çox heyf ki, mən danışıram ancaq. Cavab gözləyirəm səndən. Nə səs gəlir, nə səmir... Nə olsun ki. Mən bilirəm onsuz. Bilirəm ki, duyursan məni. Hər halımdan xəbərdarsan. Dəli kimiyəm... İçimdəki sıxıntını başa sala bilmirəm heç kəsə.
Bacarmıram... Bilirsən, dəftərinin arasından "ailəm" mövzusunda yazdığın yazını tapmışam. Qəribədi,mən həmin dəftərə bir neçə dəfə baxmışam təkrar-təkrar. Amma o yazını görməmişdim. Yazmısan: "Ailə bir evdir. Həmin evin adı Xoşbəxtlikdir. Evin sütunları isə ailənin üzvləridir. Həmin üzvlərdən biri olmazsa xoşbəxtlik evi də dağılar..." Hmm. Elədi. Düz 100 gündü ki, dağılıb bu ev... Seni cox isteyirem,....cox...
|