НАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬ
CUME AXSHAMI, 25.04.2024
www.2ral.ucoz.com
MENU
KATIQORIALLAR
Xeberler [46]
Idman [12]
Show-biznes [13]
Dini [7]
Maraqlı və məsləhətli [17]
Məşhurlar [4]
AvtoDünya [1]
SUAL
GENC AKTYORLARI BEYENIRSIZ?
Всего ответов: 62
STATISIKA

saytda olanlar 1
qonaq 1
istifadeci 0
Reklam
ANA SEYFE » 2009 » AVGUST » 25 » Ramazan ayının cədvəli + Ramazan Fətvaları
Ramazan ayının cədvəli + Ramazan Fətvaları
18:58

On bir ayın sultanı Ramazan ayı haqqında

Bu xəbərdə sizlərə 2009-cu ilin Ramazan ayının cədvəlini və Ramazan fətvaları kitabını təqdim edirik.

Kitabı yükləyin oxuyun və Ramazan ayının hökmünü və fəzilətini sizdə bilin!

Peyğəmbər (s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..." (əl-Buxari, 1896).

"Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ramazan ayının cədvəli


Ramazan ayı cədvəlinin Word mətnini yüklə

Ölçüsü: 91 KB




• Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).

• Orucun ərkanları: 1) Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək; 2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.

• Orucun fəziləti: Peyğəmbər (s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..." (əl-Buxari, 1896). "Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).

• Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari, 1903).

• Orucu pozan şeylər: qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.

• Orucu pozmayan şeylər: ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir.

• Qədr gecəsi: Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.

• Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).

• Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır.

Oruc tutanın, iftarını açarkən etdiyi dua:



Zəhəbə-z-zəməu vabtəlləti-l-uruq va səbətə-l-əcr in şəAllah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əsəlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).




Ramazan ayı haqqında daha ətraflı şəkildə

Giriş



Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yox-dur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!» («Ali İmran» surəsi, 102)

«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən, ondan zövcəsini [Həvvanı] yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! [Adı ilə] bir-birinizdən [cürbəcür şeylər] istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» («ən-Nisa» surəsi, 1.)
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! [Əgər belə etsəniz] Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar». («əl-Əhzab» surəsi, 70-71)

Orucun hökmü



Sual: Oruc nə deməkdir?
Cavab: Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.

Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?
Cavab: Bəli vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz."("əl-Bəqərə" surəsi, 183.)
"(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır."("əl-Bəqərə" surəsi, 185.)

Sual: Oruc tutmaq kimlərə vacibdir?
Cavab: Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir."("əl-Bəqərə" surəsi, 185.)

Sual: Bütün oruclar eyni hökmdədirmi?
Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq.
) həcc ziyarətində Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;

Niyyətin hökmü



Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Cavab: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür.(Onun savabını Allah verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız bu dünyada nail olur.)"(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

Sual: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi?
Cavab: Bəli, etməlidir.

Sual: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
Cavab: Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (Oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.

Sual: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
Cavab: Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.

Sual: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı?
Cavab: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.

Səhur və iftar



Sual: Səhur etmək şərtdirmi?
Cavab: Xeyr! Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Səhuru nə vaxt etmək yaxşıdır?
Cavab: Zeyd ibn Sabit (r.a) demişdir: "Biz Peyğəmbərlə səllallahu aleyhi və səlləm birgə səhur edib sonra namaz qıldıq. Ənəs (r.a) Zeyddən: "Namazla səhər yeməyinizin arasında olan vaxt nə qədər idi?" – deyə soruşduqda, o dedi: "Əlli ayə miqdarı qədər." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Hədisdən görünür ki, səhuru axır vaxtlarda etmək əfzəldir.

Sual: Əgər sübh namazının azanı verilirsə bu zaman yeməyə son qoyulmalıdırmı?
Cavab: Bəli, son qoyulmalıdır. Lakin qeyd etmək lazımdır ki, azan başladıqda əlində olan loxmanı yeyib qurtarmaq olar. Həmçinin də qalan suyu içmək olar.

Sual: Əgər hər hansı bir şəxs Ramazan ayında dan yeri ağarana yaxın oyanıbsa və onun boynunda cənabət qüslü varsa bu şəxs öncə qüsl etməlidir, yoxsa səhur etməlidir? Onu da qeyd edək ki, əgər bu şəxs öncə qüsl etsə səhura vaxt qalmayacaqdır. Eləcə də əgər öncə səhur etsə qüslü dan yeri ağardıqdan sonra etməli olacaqdır.
Cavab: Bu şəxsin səhuru önə çəkməsi daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qüslün vaxtı geniş olduğundan onu dan yeri ağardıqdan sonra da edə bilər. Onun bu cür qüsl etməsi oruca heç bir xələl gətirmir. Aişə (r.a) və Ummu Sələmə (r.a) rəvayət edir ki, "Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

Sual: İftarı nə vaxt etmək lazımdır?
Cavab: İftarı gün batdıqdan sonra edilir. Uca Allah buyurur: "Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın." ("əl-Bəqərə" surəsi, 187)

Sual: İftarı nə vaxt etmək yaxşıdır?
Cavab: İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: "İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: İftar vaxtı hansı dualar edilir?
Cavab: İftar vaxtı bu dualar edilir:
"Zəhəbəz-zəməu vabtəllətil-uruq va səbətəl-əcr inşaallah"(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).
"Allahümmə inni əsəlukə birəhmətikəl-ləti vasiat küllə şeyin ən təğfira li" (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Sual: Təyyarədə olan şəxs nə vaxt iftar etməlidir?
Cavab: Əgər hər hansı bir şəxs gün batdıqdan sonra iftarını edib təyyarəyə minərsə, təyyarə göyə qalxdıqdan sonra günəşi görsə də belə orucu səhih sayılır. Əgər bu şəxs təyyarədə olarkən hələ günəş batmamışdırsa, onda iftarını günəş batdıqdan sonra edir.

Sual: Hər kim Ramazan ayının başladığını dan yeri ağardıqdan sonra xəbər tutubsa o nə etməlidir?
Cavab: Bu şəxs günün qalan hissəsini oruc tutmalıdır. Bu günün qəzasını sonradan tutmağa gəldikdə isə, alimlər bu barədə ixtilaf etmişlər. Əksər alimlərin fikrincə bu günün qəzası sonradan tutulmalıdır. Çünki bu şəxs günün müəyyən bir hissəsini niyyətsiz keçirmişdir. Əməllər isə niyyətlərə görədir.

Sual: Hər kim Ramazan əsnasında İslam dinini qəbul etmişsə ona tutmadığı günlərin qəzasını tutmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil. Çünki əvvəl o, qafil idi və oruc tutmaq da ona vacib deyildi. Odur ki, İslamı qəbul edən şəxs, əvvəl etmədiyi saleh əməllərin qəzalarını yerinə yetirmir. Uca Allah buyurur: "Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən) əl çəksələr, keçmişdəki günahları bağışlanır." ("əl-Ənfal" surəsi, 38)
O ki qaldı İslamı günorta qəbul etmiş kimsəyə, o, günün qalan hissəsini oruc tutur və onun orucu kamil oruc sayılır. Bu şəxs, həmin günün qəzasını tutmur. Çünki ona İslamı qəbul edənə qədər heç bir əməl vacib deyildi.

Sual: Əgər bir şəxs üzrlü səbəbdən orucunu açarsa və həmin gün də üzür aradan qalxarsa, o nə etməlidir?
Cavab: Bu şəxs yemək-içməyinə davam etməlidir. Oruca yenidən davam etmək isə ona vacib deyildir. Çünki həmin gün bu şəxsə yeyib-içmək üzrlü səbəbdən halal olmuşdur. Yeyib-içməyin ona yenidən haram olması barədə isə heç bir dəlil yoxdur. Lakin bu şəxs həmin günün qəzasını sonradan tutmalıdır.

Sual: Oruclu halda unudub yemək yeyən şəxs nə etməlidir?
Cavab: Bu şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və ona sonradan qəza tutmağa ehtiyac yoxdur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içirdən də Allahdır."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Oruc tutanlar.



Birinci: Uşaq, ruhi xəstə, yaşlılar və zəiflər.

Sual: Uşağa nə vaxtdan oruc tutmaq vacibdir?
Cavab: Uşaq həddi buluğa çatdıqdan sonra ona oruc tutmaq vacibdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs..."(Bu hədisi Əbu Davud rəvayət etmişdir)

Sual: Uşaq oruc tutarsa onun bu orucu səhihdirmi? Bu orucun savabı kimə yazılır?
Cavab: Onun orucu səhihdir və bu orucun savabı həm uşağa həm də valideynə yazılır.

Sual: Yaşlı insanlara oruc tutmaq hansı yaşlarından vacib deyildir?
Cavab: Yaşlı insan, oruc tutmağı bacarmadığı gündən etibarən orucunu tərk edir və oruc tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirir. Uca Allah buyurur: "Oruc tutmağa taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər."("əl-Bəqərə" surəsi, 184)

Sual: Əgər insan ağlını itirərsə, ona oruc tutmaq vacibdirmi, tutmadığı günlərin əvəzinə fidyə verməlidirmi?
Cavab: Xeyr, bu halda ona nə namaz, nə də oruc vacibdir. Eləcə də oruc tutmadığına görə fidyə vermək ona vacib deyildir. Amma bu cür şəxslərə öz mallarından zəkat vermək vacibdir. Çünki zəkat malın özü ilə bağlıdır. Ona görə də bu cür insanları himayə edən hər bir şəxs onların mallarından zəkat verməlidir. Uca Allah buyurur: "Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan."("ət-Tövbə" surəsi, 103)

İkinci: Xəstələr.

Sual: Xəstəyə oruc tutmaq vacibdirmi?
Cavab: Əgər bu şəxsin xəstəliyi xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq ona zərər verirsə, o, orucu tərk etməli və tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirməlidir. Əgər onun xəstəliyi xroniki deyilsə, onda o, xəstə olduğu müddətdə oruclarını tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri [oruc tutmalısınız]. Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər." ("əl-Bəqərə" surəsi, 184)

Sual: Əgər həkim hər hansı bir xəstəyə bir neçə il oruc tutmağa icazə vermirsə bu şəxs nə etməlidir?
Cavab: Əgər bu həkim öz ixtisasında mahirdirsə və eyni zamanda etibarlı həkimdirsə onun dediklərinə tabe olmaq lazımdır. Tuta bilmədiyi günlərin qəzasına gəlincə, əgər bu şəxsin xəstəliyi sağalan xəstəlikdirsə o, həmin günlərin qəzasını sağaldıqdan sonra dərhal tutmalıdır. Hətta bu günlərin sayı bir neçə ay olsa da belə. Əgər bu şəxs sağaldıqdan sonra qarşıdan gələn Ramazan ayına qədər qəzalarını tutmayıbsa qəzalarla bərabər həmin günlərin sayı qədər kasıb da yedizdirməlidir.
Əgər bu şəxsin xəstəliyi xroniki xəstəlikdirsə, onda o, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir.

Sual: Hansı xəstəliklərə görə orucu tərk etmək olar?
Cavab: Əgər oruc tutmaq insanın hər hansı bir xəstəliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir.

Üçüncü qisim: Müsafir.

Sual: Müsafir üçün oruc tutmaq əfzəldir, yoxsa onu tərk etmək? Xüsusən də heç bir çətinlik olmayan səfərdə.
Cavab: Ümumiyyətlə, səfər ağır da olsa, yüngül də olsa müsafir üçün oruc tutmamaq daha əfzəldir. Həmzə bin Amr əl-Əsləmi Peyğəmbərə səllallahu aleyhi və səlləm belə dedi: "Ey Allahın elçisi! Mən səfərdə olarkən özümdə oruc tutmağa qüvvə hiss edirəm. Əgər oruc tutsam mənə günah olarmı?" Peyğəmbər səllallahu aleyhi və səlləm ona belə cavab verdi: "Bu Allahdan (müsəlmanlara olan) rüsxətdir. Kim onu götürərsə yaxşı iş görmüş olar. Kim də oruc tutmaq istəyərsə ona heç bir günah olmaz."("əl-Bəqərə" surəsi, 184) Lakin kim səfərdə olarkən oruc tutarsa, heç bir ziyanı yoxdur. Çünki Peyğəmbərdən səllallahu aleyhi və səlləm səfərdə olarkən həm oruc tutmağı, həm də tutmamağı varid olmuşdur. Səhabələr də belə etmişlər. Ənəs ibn Malik demişdir: "Biz Ramazan ayında Peyğəmbərlə səllallahu aleyhi və səlləm birgə səfərdə idik və bizlərdən bəziləri oruc tutmuş, digərləri isə tutmamışdı. Nə oruc tutan tutmayanı, nə də tutmayan tutanı qınayardı."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Lakin səfər ağır və məşəqqətli olarsa müsafirin oruc tutması məkruh sayılır. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm bir dəfə səfərdə ikən oruc tutan və istinin şiddətindən əziyyət çəkən bir kişini görüb belə dedi: "Səfərdə oruc tutmaq heç də yaxşı əməl deyil."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Ramazan ayında səfərdə olarkən günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olarmı?
Cavab: Ramazan ayında səfərdə olan şəxs orucunu, orucu pozan amillərdən hər hansı biri ilə poza bilər. Çünki oruc tutmaq onun üçün heç də vacib deyildir. Uca Allah buyurur: "Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar."("əl-Bəqərə" surəsi, 184) Lakin bu şəxs sonradan həmin günün qəzasını tutmalıdır.

Sual: Oruc tutan şəxs həmin gün ərzində səfərə çıxarsa, orucunu poza bilərmi?
Cavab: Bəli, poza bilər.

Sual: Səfər üçün müəyyən bir müddət varmı? Bu müddət bitdikdən sonra oruc tutmaq vacibdirmi?
Cavab: Səfər üçün müəyyən bir müddət yoxdur. Odur ki, müsafir səfərdən qayıdana qədər Allahın ona verdiyi rüsxətdən istifadə edə bilər. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan ayının iyirmisi Məkkəyə daxil olmuş və (müsafir olduğu üçün) bu ayın axırına qədər oruc tutmamışdır.(Bu hədisi Buxarı rəvayət etmişdir)

Sual: Oruc tutmayan müsafir gün batmamışdan əvvəl səfərdən qayıtsa, günün qalan hissəsini oruc tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Orucu pozmaq niyyəti ilə səfərə çıxmağın hökmü nədir?
Cavab: Bu, hiylə olduğu üçün haram sayılır.

Dördüncü qisim: Heyz və ya nifas halında olan qadın.

Sual: Heyz və nifasa görə orucunu tərk edən qadın onun qəzasını tutmalıdırmı?
Cavab: Bəli tutmalıdır. Aişə (r.a) rəvayət edir ki, "Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Heyz və nifas halında olan qadın gündüz vaxtı bundan təmizlənsə, günün qalan hissəsini oruc tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Qadın gün batmamışdan əvvəl heyz və ya nifas olarsa, həmin günün qəzasını tutmalıdırmı?
Cavab: Bəli, tutmalıdır.

Sual: Qadın dan yeri ağarmamışdan əvvəl heyz və ya nifasdan təmizlənib oruc tutsa və gün ərzində paltarında sarı ləkə görsə həmin günün qəzasını tutmalıdırmı?
Cavab: Xeyr! Ummu Atiyyə (r.a) rəvayət edir ki, "Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı ləkəni bir şey saymazdıq."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Beşinci qisim: Hamilə və ya süd verən qadın.

Sual: Hamilə və ya süd verən qadın məşəqqətə görə tutmadığı orucların qəzasını tutmalıdır, yoxsa buna görə kəffarə ödəməlidir?
Cavab: Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir."(Bu hədisi Əhməd və "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər) Bu rəyi dəstəkləyən alimlər:
Mücahid,(Beyhəqinin "Sunən" əsəri, 4/230-231)
İkrimə,(Abdurrəzzaqın "Musannəf" əsəri, 7564)
Həsənul-Basri və İbrahim ən-Nəxəi,("Fəthul-Bari" 8/225 – "əl-Bəqərə" surəsi, 184-cü ayənin təfsiri; Beyhəqinin "Sunən" əsəri, 4/230-231.)
əl-Əvzai,("Fəthul-Bari" 8/226 – "əl-Bəqərə" surəsi, 184-cü ayənin təfsiri;)
Malik, Şafii və Əhməd,(Şövkaninin "Neylul-Əvtar" əsəri, 4/273; Tirmizinin "Sunən" əsəri, 3/94)
ibnul-Qeyyim,("Zadul-Məad" 2/30-31)
Xəttabi,("Avnul-Məbud" 6/309)
əl-Mubarakfuri,("Töhvətul-Əhvvəzi" 3/329-331)
ibn Baz,(Useyminin fətvaları, 1/540-541)
Useymin və başqaları.(Ləcnənin fətvaları, 1/540-541)

Sual: Doğuşdan əvvəl hamilə qadından gələn su orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Orucu pozan və pozmayan amillər



Sual: Orucu nələr pozur?
Cavab: Orucu aşağıdakılar pozur:
- cinsi əlaqə;
- yemək və içmək;
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər;
Uca Allah buyurur: "İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəyyən etdiyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaranlığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamamlayın."("əl-Bəqərə" surəsi, 187)
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək;
Uca Allah qüdsi hədisdə buyurur: "Oruc tutan kəs yemək-içməyini və şəhvətini Mənə görə tərk edir."(Bu hədisi Buxari rəvayət etmişdir)
- özünü qusdurmaq;
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Hər kim qəsdən özünü qusdursa, bunun qəzasını tutsun."(Bu hədisi Əhməd və "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər)
- heyz və nifas qanı.
Aişə (r.a) rəvayət edir: "Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır."(Bu hədisi ibn Macə rəvayət etmişdir)
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir.(Buna aid hədisi Buxari və Muslim rəvayət etmişdir) Lakin qeyd etmək lazımdır ki, onlardan biri digərini buna məcbur etsə məcbur olunan tərəfin orucu pozulmur.

Sual: Başqa aylarda qəza və ya nafilə orucunu tutarkən cinsi əlaqədə olan şəxs nə etməlidir?
Cavab: Vacib orucun qəzasını tutan şəxs sadəcə onun qəzasını yenidən tutmalı və heç bir kəffarə ödəməməlidir. Belə ki, kəffarə yalnız Ramazan ayının hörmətinə görə ödənilir. O ki qaldı nafilə orucuna, onun qəzasını tutmaq vacib deyil.

Sual: Oruc tutan müsafir səfərdə ikən cinsi əlaqəyə girsə, kəffarə ödəməlidirmi?
Cavab: Xeyr, o, başqa aylarda yalnız bunun əvəzinə bircə gün oruc tutmalıdır.

Sual: Oruc tutan kəs gündüz yuxudan oyanıb pollyusiya (Yuxuda olarkən sperma ifraz etmək.) halında olduğunu görsə nə etməlidir?
Cavab: O, oruc tutmağına davam etməlidir. Belə ki, bunun oruca heç bir aidiyyəti yoxdur.

Sual: Onanizmlə məşğul olmaq və məni ifraz etmək orucu batil edirmi?
Cavab: Əlbəttə, belə bir iş tutanın orucu batildir və o, bunun qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməlidir. Birincisi orucunu pozduğuna görə, ikincisi isə onanizmlə məşğul olduğu üçün. Belə ki, bunu – zəruri hallar (Analiz vermək və s.) müstəsna olmaqla digər hallarda – etmək haramdır. Bu haqda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Ey cavanlar! Sizlərdən kimin evlənməyə imkanı varsa, qoy evlənsin. Həqiqətən, o, gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə edir. İmkanı olmayan isə oruc tutsun. Doğrudan da, onun (haramdan) qorumaq təsiri vardır." (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Qusmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Bu xüsusda mötəbər hədisdə deyilir: "Hər kim (iradəsindən asılı olmadan) qussa, onun qəzasını tutmamalı, kim də qəsdən özünü qusdursa, bunun əvəzini tutmalıdır." (Bu hədisi Əhməd və "Sünən" əsərlərinin müəllifləri Əbu Davud rəvayət etmişlər)

Sual: Şəhvətsiz məni ifraz edən kəsin orucu pozulurmu?
Cavab: Xeyr, pozulmur.

Sual: Öpüşmək və mazaqlaşmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)

Sual: Öpüşmək və mazaqlaşmaq nəticəsində məni və ya məzi ifraz edən şəxs nə etməlidir?
Cavab: Məni ifraz edən şəxs bunun qəzasını tutmalı və heç bir kəffarə ödəməməlidir. Məzi ifraz edənə gəlincə, qeyd etmək lazımdır ki, bu, ixtilaflı məsələdir. Hənəfi və Şafii məzhəblərinə görə oruc pozulmur. İbn Teymiyyə bu haqda demişdir: "Öpüşmək, mazaqlaşmaq və ya dönə-dönə baxmaq nəticəsində məzi ifraz etmək orucu pozmur. Bu isə Əbu Hənifənin, Şafiinin və bəzi Hənbəlilərin rəyidir." (İbn Teymiyyənin "İxtiyarat" əsəri, səh. 108) Həmçinin İbn Baz, İbn Useymin və bir çox müasir alimlər bu fikirdədirlər.

Sual: Dişlərin dibindən, burundan, boğazdan və sair bədən üzvlərindən çıxan qanı udmaq orucu pozurmu?
Cavab: Xeyr pozmur.

Sual: Analiz üçün qan vermək orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: İstihazə və babasil xəstəliyi nəticəsində, habelə dişlərin dibindən, burundan, boğazdan və sair bədən üzvlərindən çıxan qan orucu pozurmu?
Cavab: Xeyr, pozmur. O ki qaldı heyz və nifasa, qeyd etmək lazımdır ki, bunun orucu pozmasına dair mötəbər hədislər varid olmuşdur. Yuxarıda qeyd olunanların orucu pozması barədə isə heç bir dəlil gəlməmişdir.

Sual: Yaralılara və xəstələrə vurmaq üçün qan vermək orucu pozurmu?
Cavab: Xeyr, pozmur. İmkan varsa bunu iftardan sonraya saxlamaq yaxşıdır. Bunu təxirə salmaq mümkün deyilsə yaralılara və xəstələrə vaxtında yardım etmək gərəkdir.

Sual: Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Və bunun damara, yaxud əzələyə vurulması heç bir əhəmiyyət kəsb etmir. Əvvəldə qeyd etdiyimiz kimi yalnız bədəni qüvvətləndirən iynələr orucu pozur.

Sual: Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Amir ibn Rabiyə (r.a) deyir: "Peyğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm." (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Diş mə′cunundan istifadə etmək olarmı?
Cavab: Onu udmamaq şərti ilə istifadə etmək olar.

Sual: Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olarmı?
Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, tüstü verən ətirləri iyləməkdən çəkinmək gərəkdir.

Sual: Qulağa və gözə dərman tökmək orucu pozurmu?
Cavab: Burundan fərqli olaraq qulağa və gözə dərman tökmək orucu pozmur. Belə ki, Peyğəmbər səllallahu aleyhi və səlləm bu haqda heç nə deməmişdir. Lakin oruc tutanın burnuna su almağı barədə bu sözləri söyləmişdir: "(Dəstəmaz aldıqda) oruclu hal istisna olmaqla (digər hallarda) burnuna suyu çox al."(Bu hədisi Əhməd rəvayət etmişdir)

Sual: Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olarmı?
Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək lazımdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

Sual: Qadına şəhvətlə baxmaq orucu pozurmu?
Cavab: Əvvəla qeyd etmək lazımdır ki, kişi şəhvətlə yalnız öz qadınına baxa bilər. Qaldı ki, onun digər qadınlara baxmasına, bu haramdır. Doğrudur bu əməl orucu pozmur, lakin onun savabını azaldır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Hər kim günah sözlərdən, cahillikdən və ona əməl etməkdən əl çəkməsə, yemək-içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur." (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Söyüş söymək, qeybət etmək, söz gəzdirmək və sair bu kimi pis əməllər orucu batil edirmi?
Cavab: Xeyr, batil etmir. Yalnız savabını azaldır. "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz." ("əl-Bəqərə" surəsi, 183) "Sizlərdə biri oruc tutduğu gün söyüş söyməsin..."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Yatmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vaxtını yatmaqla keçirməmək daha xeyirlidir.

Sual: Oruclu ola-ola çimmək olarmı?
Cavab: Bəli, olar. Belə ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola çimərdi. Əlbəttə, bu cür məsələlərdə ifrata varmaq olmaz. Əksinə, hər bir müsəlman Allahın verdiyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Şübhəsiz ki, bu din asanlıqdır. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək) məğlub etməsin. Orta mövqe tutun (ifrata və təfritə varmayın)! (İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona) yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək diləyin!"(Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Siqaret çəkmək orucu pozurmu?
Cavab: Əlbəttə ki, pozur və o, bunun qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməlidir. Birincisi orucunu pozduğuna görə, ikincisi isə siqaret çəkdiyinə görə. Belə ki, siqaret çəkmək haramdır.

Sual: Astma (təngnəfəslik) xəstəliyi olan şəxsin aerozol şəklində olan dərmanlardan istifadə etməsi orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Oruclu ola-ola şam, imalə və başqa bu kimi müalicə vasitələrindən istifadə etmək orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Oruc vaxtı dəstəmaz və ya qüsl aldıqda boğaza su getsə oruc pozulurmu?
Cavab: Qəsdən bunu etmək orucu pozur. Odur ki, ağız və burunu yaxaladıqda ehtiyatlı olmaq gərəkdir. Qaldı ki istəmədən suyun boğaza getməsinə, bu nəinki orucu pozmur, heç savabına belə xələl gətirmir.

Sual: Havada olan tozları udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Bədəndə olan sızanağı sıxmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Heç bir səbəb olmadan orucu pozmaq olarmı?
Cavab: Səbəbsiz yalnız nafilə orucunu pozmaq olar.

Sual: Saqqız çeynəmək orucu pozurmu?
Cavab: Dadsız saqqızı çeynəmək orucu pozmur. Dadı olan saqqıza gəlincə, qeyd etmək lazımdır ki, yalnız onun tərkibində olan maddəni udmaq orucu pozur.

Sual: Qan almaq və ya aldırmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Belə ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola qan aldırmışdır.(Bu hədisi Buxari rəvayət etmişdir)

Qəza və kəffarənin hökmləri



Sual: Qəzaya qalan orucu nə zaman tutmaq lazımdır?
Cavab: Qəza orucunu Ramazan ayından sonra dərhal tutmaq əfzəl, növbəti Ramazana qədər təxirə salmaq isə caizdir. Aişə (r.a) rəvayət edir ki: "Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəzasını Şaban ayında tutardım."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Uzun müddət qəsdən, hökmü inkar edərək oruc tutmayan şəxs nə etməlidir?
Cavab: O, bu günaha görə yalnız tövbə etməli və heç bir qəza orucu tutmamalıdır. Belə ki, hər bir ibadətin öz vaxtı olduğu kimi orucun da öz vaxtı vardır. Odur ki, onu üzrsüz olaraq vaxtından gec yerinə yetirməyin də heç bir faydası yoxdur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir."(Bu hədisi Muslim rəvayət etmişdir)

Sual: Qəzaya qalan orucları növbəti Ramazana qədər tutmayan şəxs nə etməlidir?
Cavab: Əgər o, bunu səhlənkarlığı üzündən edibsə, onda tövbə etməklə yanaşı orucların qəzasını tutmalı və kəffarə olaraq buraxdığı hər günün əvəzinə 510 qr. miqdarında yeməklə bir kasıbı yedirtməlidir.

Sual: Üzrlü səbəbə görə orucu tərk etmiş və qəzasını tutmaq ona müyəssər olmazdan əvvəl vəfat etmiş kimsənin hökmü nədir?
Cavab: Onun əvəzinə oruc tutmaq və ya kəffarə ödəmək vacib deyil.

Sual: Xəstəliyin davamlı olması ehtimalı ilə həkimin qoyduğu qadağaya əsasən orucu tərk edib kəffarə ödəmiş kimsə bir müddət sonra sağalsa, buraxdığı orucların qəzasını tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır.

Sual: Bilmədən geri qalmış saata etimad edib səhuru gec yeyən kəsin orucu qəbuldurmu?
Cavab: Bəli, qəbuldur.

Sual: Kəffarə yalnız bir nəfərə verilə bilərmi?
Cavab: Bunda heç bir məhdudiyyət yoxdur və o, istənilən sayda adama verilə bilər.

Sual: Ölən şəxsin yerinə kəffarə və ya qəzaya qalmış orucu tutmaq olarmı?
Cavab: Bəli, olar? Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm belə buyurmuşdur: "Hər kim boynunda oruc olduğu halda vəfat etsə, varisi onun əvəzinə oruc tutsun!"(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Oruc tutmağa qüdrəti çatmayan xronik xəstələr kəffarəni necə verməlidirlər?
Cavab: Onlar hər günün əvəzinə 510 qr. miqdarında yeməklə bir kasıbı yedirtməlidirlər. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri [oruc tutmalısınız]. Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər."("əl-Bəqərə" surəsi, 184)

Sual: Qəzaya qalmış orucu dalbadal tutmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil. Bu orucları istənilən şəkildə tutmaq olar.

Sual: Qəzaya qalmış orucu cümə və ya şənbə günü tutmaq olarmı?
Cavab: Bəli, olar. Bu günlərdə xüsusilə oruc tutmağa qoyulmuş qadağa yalnız nafilə oruclarına aiddir.

Sual: Kəffarə olaraq iki ay dalbadal oruc tutan şəxs bu arada hər hansı səbəbdən orucu pozsa nə etməlidir?
Cavab: Heyz, nifas və s. üzrlü səbəbə görə pozsa, sonradan orucuna davam etməli, üzrsüz olaraq onu pozsa yenidən başlamalıdır.

Nafilə orucları



Sual: Şəvval ayında olan altı gün orucu ardıcıl tutmaq vacibdirmi?
Cavab: Xeyr, bunu ay ərzində istənilən şəkildə etmək olar.

Sual: Ərafa günü oruc tutmaq olarmı?
Cavab: Bəli, olar. Yalnız həcc ziyarətində olan şəxsə həmin gün oruc tutmaq qadağandır.

Sual: Aşura orucunu hansı günlərdə tutmaq lazımdır?
Cavab: Bunu aşağıdakı günlərdə tutmaq olar:
- Məhərrəm ayının 10-u;
- Məhərrəm ayının 9-u və 10-u, yaxud 10-u və 11-i;
- Məhərrəm ayının 9-u, 10-u və 11-i.

Sual: İl boyu oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz.

Sual: Oruc tutulan "biyd"(Bu günlərdə gecələr ay ətrafı daha çox işıqlandırdığı üçün, bu üç gün "biyd" günləri adlanmışdır) günləri hansı günlərdir?
Cavab: Hicri aylarının 13-ü, 14-ü və 15-i "biyd" günləri adlanır.

Sual: Heyz və nifas halında olan qadın oruc tuta bilərmi?
Cavab: Bu hallarda onun oruc tutması haramdır.

Sual: Qadın ərinin izni olmadan nafilə orucu tuta bilərmi?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir.(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qeyd etmək lazımdır ki, bu hökm ər səfərə çıxana qədər qüvvədə qalır. Yəni, səfərdə olan ərdən oruc tutmaq üçün izn almaq lazım deyil.

Sual: Davudun aleyhissəlam orucu deyildikdə nə qəsd edilir?
Cavab: Bunun üçün Peyğəmbərin səllallahu aleyhi və səlləm söylədiyinə nəzər salmaq kifayətdir: "Allahın ən çox sevdiyi oruc Davudun aleyhissəlam orucudur. O, günaşırı oruc tutardı."(Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Cümə və şənbə gününü xüsusiləşdirib oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz. Cümə günü oruc tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq lazımdır.(Buna aid hədisləri Buxari və Muslim rəvayət etmişdir) Şənbə gününə gəlincə, qeyd etmək lazımdır ki, bu gündə nafilə oruc tutmaq ümumiyyətlə qadağandır.(Buna aid hədisi Əhməd, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişlər) Yalnız cümə ilə şənbə günlərini birgə tutmağa rüsxət verilmişdir.

Sual: Qəza oruclarını tutmadan Şəvval ayının altı gününü tutmaq olarmı?
Cavab: Bəli, olar.

Sual: Rəcəb və ya Şaban aylarında xüsusi oruclar varmı?
Cavab: Buna dair heç bir mötəbər hədis varid olmamışdır.

Sual: Şaban ayının 30-u Ramazan ayının 1-i olduğunu güman edən və şəkk içində olan kəs həmin gün oruc tuta bilərmi?
Cavab: Xeyr! O gün oruc tutmaq haramdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Hər kim şəkk etdiyi gün oruc tutsa, Əbul-Qasimə (Əbul-Qasim Peyğəmbərin səllallahu aleyhi və səlləm kunyasıdır) asi olar!" (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Bayram günü oruc tutmağın hökmü nədir?
Cavab: Bayram günlərində oruc tutmaq haramdır. Ömər (r.a) demişdir: "Peyğəmbər səllallahu aleyhi və səlləm bu iki gündə oruc tutmağı qadağan etmişdir; orucunuzu açdığınız gün, qurbandan yediyiniz gün (ramazan və qurban bayramlarında)!" (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: "Təşriq" (Təşriq – qurutmaq deməkdir. Həcilər bu günlərdə qurban ətini qurudub saxladıqlarına görə həmin günlər təşriq adlanmışdır) günlərində (zil-Hiccənin 11-i, 12-i və 13-ü) oruc tutmaq olarmı?
Cavab: Xeyr, bu günlərdə oruc tutmaq olmaz. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Təşriq günləri yemək-içmək və Allahı yad etmək günləridr!" (Bu hədisi Muslim rəvayət etmişdir)

Sual: Təşriq günlərində oruc tutmamaq hamıya şamil edilirmi?
Cavab: Xeyr! Təməttu (Təməttu – zövq almaq, rahatlanmaq deməkdir. Həccin bu növü ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxır, zil-Hiccənin 8-i yenidən ehrama girib ziyarətinə davam edir) və qiran (Qiran – birləşdirmə deməkdir. Bu, ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxmır və ziyarətinə davam edir) həcci edən, qurban kəsməyib əvəzinə oruc tutan şəxsə aid deyil. Uca Allah buyurur: "Hər kim [qurbanlıq] tapmasa, həcc əsnasında üç, [vətənə] qayıtdıqda isə yeddi gün oruc tutsun." ("əl-Bəqərə" surəsi, 196)

Sual: Şaban ayının 15-i ayrıca oruc tutmaq, gecəsini də ibadətlə keçirmək nə dərəcədə doğrudur?
Cavab: Bu haqda heç bir mötəbər dəlil varid olmamışdır. Lakin qeyd etmək lazımdır ki, 15-i də daxil olmaqla Şaban ayının hamısını, yaxud çox hissəsini, yaxud da biyd günlərində (13-ü, 14-ü və 15-i) oruc tutmaq olar. Peyğəmbər səllallahu aleyhi və səlləm də belə edərdi. (Bu haqda hədisləri Suyuti rəvayət etmiş və Albani onlari səhih hesab etmişdir)

Sual: Şaban ayının ortasına qədər oruc tutmayan şəxs, bu ayın qalan hissəsində oruc tuta bilərmi?
Cavab: Xeyr! Belə ki, Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: "Şaban ayının ortası gəlib çatdığı zaman Ramazan ayına qədər oruc tutmayın!"( Bu hədisi Suyuti rəvayət etmiş, Albani də onu səhih hesab etmişdir)

Sual: İki və daha artıq günlərdə iftar etmədən dalbadal oruc tutmaq olarmı?
Cavab: Olmaz. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: "Hər kim (orucunu) davam etdirmək istəyirsə, qoy səhura qədər davam etdirsin!" (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Rəcəb ayında hər hansı bir günü xüsusiləşdirib oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz. Ümumiyyətlə dəlil-sübutsuz olaraq hər hansı bir günü xüsusiləşdirib oruc tutmaq İslam dini tamam olduqdan sonra ona əlavə edilmiş yenilikdir.

Sual: Səfərdə oruc tutmaq olarmı?
Cavab: Həmzə ibn Amr (r.a) bu haqda Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: "İstəyirsən tut, istəyirsən tutma!"( Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Ramazanla bağlı digər məsələlər



Sual: Orucu tərk edən kafir sayılırmı?
Cavab: Bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Orucun gərəksiz olduğunu etiqad edən şəxs kafirdir;
- Səhlənkarlıq ucbatından orucu tərk edən şəxs isə kafir deyil sadəcə günahkar sayılır.

Sual: Namaz qılmayan şəxsin orucu qəbuldurmu?
Cavab: Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və səlləm demişdir: "Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar."( Bu hədisi Əhməd, Tirmizi, Nəsai və başqaları rəvayət etmişdir)
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.

Sual: Ramazan ayının üç gününü və ya axır on gününü oruc tutmaqla kifayətlənmək olarmı?
Cavab: Xeyr, olmaz. Ramazan ayını tam şəkildə oruc tutmaq hər bir müsəlmanın borcudur.

Gecə namazları (təravih)



Sual: Bu namazlar nə üçün təravih adlanır?
Cavab: Təravih dincəlmək mənasını ifadə edir. Peyğəmbər səllallahu aleyhi və səlləm və səhabələr bu namazları qılarkən dörd rəkətdən sonra dincələrdilər. Elə buna görə də o, təravih adlanmışdır.

Sual: Təravih namazının hökmü nədir?
Cavab: Bu namazı qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir).

Sual: Bu namazı fərdi şəkildə qılmaq olarmı?
Cavab: Bəli, olar. Lakin camaatla qılmaq daha əfzəldir.

Sual: Bu namaz mütləq məsciddə qılınmalıdırmı?
Cavab: Xeyr, bunu evdə də qılmaq olar.

Sual: Oruc gecələrində daha hansı ibadətləri etmək yaxşıdır?
Cavab: Bu gecələrdə Quran oxumaq, Allahı xatırlamaq, dua etmək, elm tələb etmək sünnəyə müvafiqdir.

Sual: Bu gecələrdə səhərə qədər oyaq qalmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil.

Sual: Təravih namazı neçə rəkət qılınmalıdır?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namazlarını on bir və ya on üç rəkətdən çox qılmazdı.

Sual: Gecə namazlarını xüsusiləşdirməmək şərti ilə istənilən sayda qılmaq olarmı?
Cavab: Bəli, olar. Belə ki, bir kişi Peyğəmbərdən səllallahu aleyhi və səlləm gecə namazı barəsində soruşduqda o, demişdir: "Gecə namazları iki (rəkət)-iki (rəkət) qılınır...." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Gecə namazlarını dalbadal qılmaq, salamı isə yalnız sonuncu rəkətdə vermək olarmı?
Cavab: İslam alimləri bu məsələdə ixtilaf etmişlər, lakin bütün bu ixtilaflara son qoymaq üçün əksər alimlərin rəyini götürüb yuxarıdakı hədisə istinad etməklə hər iki rəkətdən sonra salam vermək daha münasibdir.

Sual: Təravih namazı nə vaxt qılınmalıdır?
Cavab: Onu işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar.

Sual: Təravih namazları arasındakı istirahət vaxtı moizə vermək və Ramazan gecələrində bir yerə yığışmaq olarmı?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm, səhabələr və onların ardıcılları belə şey etməmişlər.

Sual: Təravih namazları arasında su və s. içmək olarmı?
Cavab: Bəli, olar.

Sual: Təravih namazlarında Qurandan nə qədər oxumaq olar?
Cavab: Buna heç bir məhdudiyyət yoxdur. Lakin camaata namaz qıldıran imam onların arasındakı qocaları, qadınları və uşaqları nəzərə almalıdır.

Sual: Gecə namazları səslə qılınır, ya səssiz?
Cavab: Gecə namazlarını həm səslə, həm də səssiz qılmaq olar.

Sual: Namaz qıldıranın səsinin gözəlliyinə görə yaxınlıqdakı məscidi qoyub uzaqda olan bir məscidə getmək olarmı?
Cavab: Bəli, olar. Bir şərtlə ki, namazı qıldıran şəxs bidət (Dində əsli olmayan, kamil olduqdan sonra ona əlavə edilən hər bir şey bidət adlanır) əhlindən olmasın.

Sual: Təravih namazını qılan kəs Quranı üzündən oxuya bilərmi?
Cavab: Namazda artıq-əskik hərəkət etmək qadağandır. Lakin xətalara yol verməmək üçün və başqa bu kimi səbəblərə görə bunu etmək olar.

Sual: Namazda ayələri və surələri tərtiblə oxumaq vacibdirmi?
Cavab: Ayələri tərtiblə oxumaq vacibdir. Surələri tərtiblə oxumaq barəsində ixtilaf olsa da belə onları tərtiblə oxumaq sələfin yoluna daha uyğundur.

Sual: Namazda bərkdən-bərkdən ağlayaraq ətrafdakılara mane olmağın hökmü nədir?
Cavab: Əgər bu, namaz qılanın iradəsindən asılı deyilsə, onda bunun heç bir qorxusu yoxdur. Yox əgər qəsdən edərsə, onda bu, onu riyakarlığa sürükləyər.

Sual: Vitr namazında hansı surələri oxumaq lazımdır?
Cavab: Vitr namazında istənilən surələri oxumaq olar. Lakin çox vaxt "əl-Alə" – "əl-Kafirun" – "əl-İxlas" surələrini oxumaq müstəhəbdir.

Sual: Təravih namazını camaatla qılan kəs vitri qılmayıb gecənin axırına saxlaya bilərmi?
Cavab: Bəli, saxlaya bilər. Lakin imamla axıra qədər qılmaq daha əfzəldir.

Sual: Qunutda hansı duaları etmək yaxşı olar?
Cavab: Qunutda Quran və sünnədə varid olan duaları etmək daha yaxşıdır.

Sual: Hər gecə qunut tutmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil. Əksinə, hərdən onu tərk etmək yaxşıdır ki, camaat onun vacib olduğunu güman etməsin.

Sual: Ramazan boyu hər gecə təravih namazlarını qılmaq vacibdirmi?
Cavab: Ümumiyyətlə bu namaz sünnədir. Odur ki, hərdən onu tərk etmək də olar. Lakin mömin bacardığı qədər artıq savab qazanmağa can atmalıdır.

Sual: İşa namazını camaatla qılmağa çatmayan şəxs işa niyyəti ilə təravih namazına qoşula bilərmi?
Cavab: Bəli, qoşula bilər. Bir şərtlə ki, imam salam verdikdə o, salam verməməli, qalxıb axırıncı iki rəkəti tamamladıqdan sonra salamları verib namazı bitirməlidir.

Etikaf (Ramazanın axır on gününü ibadət məqsədilə məsciddə qalmaq)



Sual: Ramazanın axır on günü digər günlərdən nə ilə fərqlənir?
Cavab: Ramazanın axır on günündə elə bir gecə vardır ki, o, min aydan xeyirlidir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu [Quranı] Qədr gecəsində [dünya səmasına] nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan xeyirlidir. [Bu əzəmətli gecə Ramazan ayının axır on günündəki tək gecələrdən (21, 23, 25, 27 və 29-cu gecələrdən) birinə təsadüf edir və həmin gecədə gələn Ramazan ayına qədər olacaq hər bir şeyin müqəddəratı yazılır]. Onda [o gecədə] mələklər və Ruh [Cəbrail] öz Rəbbinin izni ilə hər bir işdən ötrü [yerə] enirlər. O [gecə], dan yeri sökülənə qədər əmin-amanlıqdır!"( "əl-Qədr" surəsi) Ayələrdən bu gecədə nələr baş verdiyi açıq-aydın görünür.
Həmçinin bu mübarək gecədə növbəti il ərzində nələr baş verəcəyi müəyyən edilir. Uca Allah buyurur: "Ha. Mim. And olsun açıq-aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş onda [bu gecədə] ayırd edilir."( "əd-Duxan" surəsi, 1-4)
Habelə bu on gündə məscidlərdə etikaf edilir. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan ayının axır on gününü məsciddə etikaf edərdi.( Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Qədr gecəsinin əlamətləri varmı?
Cavab: Bəli! Gədr gecəsində sakitlik olur. Bu gecədə möminin ürəyi açılır, könlü xoş olur, qəlbi rahatlıq tapır və xeyirxah işlər görməyə can atır. Səhəri gün doğan günəş isə üfüqdə açıq-aydın görünür.

Sual: Etikaf etmək vacibdirmi?
Cavab: Xeyr! Etikaf etmək müstəhəbdir.

Sual: İstənilən yerdə etikaf etmək olarmı?
Cavab: Xeyr! Etikaf camaat namazı qılınan məscidlərdə edilir. Xüsusən də üç möhtəşəm məsciddə - Beytulharamda, Peyğəmbərin səllallahu aleyhi və səlləm məscidində və əl-Aqsa məscidində. Uca Allah buyurur: "Məscidlərdə etikafda olduğunuz zaman onlarla [qadınlarınızla] yaxınlıq etməyin."("əl-Bəqərə" surəsi, 187)

Sual: Etikaf nə zaman başlayır?
Cavab: Etikaf gün batdıqdan sonra başlayır.

Sual: Etikafın müddəti nə zaman bitir?
Cavab: Onun müddəti gün batana qədərdir. Yəni, on gün etikaf etmək niyyətində olan kəs – zəruri hallar müstəsna olmaqla – yalnız onuncu gün, gün batandan sonra məsciddən çıxa bilər.

Sual: Valideynin izni olmadan etikaf etmək olarmı?
Cavab: Xeyr! Çünki etikaf etmək sünnədir, valideynə itaət isə vacibdir.

Sual: Etikaf etmək məqsədilə səfərə çıxmaq olarmı?
Cavab: Yalnız üç məsciddə - Beytulharamda, Peyğəmbərin səllallahu aleyhi və səlləm məscidində və əl-Aqsa məscidində etikaf etmək niyyəti ilə səfərə çıxmaq olar.( Bu haqda hədisi Buxari və Muslim rəvayət etmişdir)

Fitrə zəkatı



Sual: Fitrə zəkatı nə üçün çıxarılır?
Cavab: Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür.

Sual: Ana bətnindəki uşaq üçün fitrə zəkatı vermək vacibdirmi?
Cavab: Xeyr, müstəhəbdir.

Sual: Fitrə zəkatı nədən verilir?
Cavab: Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir.

Sual: Fitrə zəkatını pul, paltar və başqa bu kimi şeylərlə əvəz etmək olarmı?
Cavab: Xeyr, olmaz. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir."(Bu hədisi Muslim rəvayət etmişdir) Məgər Peyğəmbər səllallahu aleyhi və səlləm dövründə pul yox idi, yoxsa xəlifələrin zamanında səhabələr fitrə zəkatını pul şəklində verirdilər? Əksinə, hər kəs zəkatını Peyğəmbərin səllallahu aleyhi və səlləm buyurduğu kimi – qida məhsullarından çıxarıb onu kasıblara verərdi.

Sual: Bir neçə nəfərin fitrə zəkatını bir kasıba vermək olarmı?
Cavab: Bəli, olar.

Sual: Fitrə zəkatı kimlərə verilir?
Cavab: Fitrə zəkatı kasıblara verilir.

Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?
Cavab: Fitrə zəkatının miqdarı təqribən 2,5 kiloqramdır

<P class=MsoNormal style="MARGIN: 0cm 0cm 0pt
KATIQORIYA: Dini | BAXILIB: 1094 | ELAVE ETMEK: 2ral | REYTINQ: 0.0/0 |
KOMENTARIYALAR: 0
Имя *:
Email *:
Код *:
GIRISH FORMASI
AXTAR
KALENDAR
«  AVGUST 2009  »
B.EC.ACC.ACSB
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
YAZI ARXIVI
DOST SAYTLAR
  • www.bigtac.tk
  • www.tac.ucoz.net
  • mix.az
  • 28mekteb.biz
  • pir-pir.tk

  • Flash Clocks Gallery
    Ramil Aliyev
    Copyright MyCorp © 2024