Bu gün Avroliqanın qrup mərhələsinə qatılmaq üçün "Bakı" və "Qarabağ" son oyunlarını keçirəcəklər.
Bu gün Avroliqada sonuncu - 4-cü təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Bu görüşlərdə özlərinə lazım olan nəticəni əldə edən iştirakçılar Avroliqanın qrup mərhələsində iştirak edəcəklər. Bu yarışda ölkəmizi təmsil edəcək "Bakı" və "Qarabağ" qrup mərhələsinə qatıla bilsələr, bu ölkəmiz üçün bir ilk olacaq. Buna "Qarabağ" daha yaxındır.
"Qarabağ" səfərdə 1:3 hesabıyla məğlub olduğu Hollandiya "Tvente"si ilə cavab matçında yığmamızın kapitanı Rəşad Sadıqov zədəli olduğundan hazırlıq prosesində iştirak etmədi və onun cavab matçında da iştirak etməyəcəyi dəqiqdi. Əvəzində, komandamızın digər zədəli üzvü Emin İmaməliyev ümumi məşqlərə qatılmağa başlayıb və onun "Tvente" ilə görüşdə meydana çıxacağı istisna olunmur. Ancaq təəssüf ki, Hollandiyadakı görüşdə yüngül zədə alan Əfran İsmayılovun sağlıq durumunda kiçik problem var. Lakin həkimlər onun da cavab matçına qədər hazır olacağına dair proqnoz verir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək«Qarabağ» - «Tvente» (Hollandiya) qarşılaşmasını adları aşağıda göstərilmiş hakimlər idarə edəcək: Baş hakim: Aleksandru Dyakonu Baş hakimin köməkçiləri: Corc Adrian Vidan, Sebastyan George Dördüncü hakim: Sebastyan Koltesku (Hakimlər briqadası Rumıniyadandır) Hakim-inspektor: Marton Esterhaz (Macarıstan) UEFA nümayəndəsi: İrji Ulrix (Çexiya)
Bu gün UEFA Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında “Bakı” futbol klubu ilk görüşü Bakıda 1:3 hesabı ilə məğlub olduğu “Bazel”in İsveçrədə qonağı olacaq. “Bakı” bu qarşılaşmaya itkilərlə çıxacaq. İsveçrədə keçirilən oyunda Ernan Skuliç və Rafael Barbosa meydana çıxa bilməyəcəklər. Oyunu estoniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Hannes Kaashik, onun köməkçiləri isə Marko Leevand və Dmitri Vinaqradov olacaq. Qarşılaşmanın 4-cü hakimi Eiko Saar, UEFA nümayəndəsi ukraynalı Vladimir Petrov, hakim-inspektoru isə şotlandiyalı Con Makbet olacaq.
Xatırladım ki, "Qarabağ"-"Tvente" oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda, "Bazel"-"Bakı" görüşü isə 22:30-da İsveçrənin "Sankt-Yakob Park" stadionunda keçiriləcək.